Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir bu dəfə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutub. Maarifləndirici görüşdə həyatla ümid arasında görünməz, amma çox güclü bir körpüdən — orqan donorluğundan danışılıb.
Tədbiri giriş sözü ilə Akademiyanın Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Şakir Allahverdiyev açıb. O, gənclərin maariflənməsinin və sosial məsuliyyət hissinin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, “İnsan həyatına toxunan ən dəyərli qərarlar məhz vicdandan doğur.”
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə heyətinin sədr müavini Günay Abbasova çıxış edərək orqan donorluğunun cəmiyyət üçün əhəmiyyəti, ölkəmizdə bu sahədə görülən işlər və əldə olunan nəticələr barədə məlumat verdi. O bildirdi ki, “Donorluq həyatdan gedərkən belə yaşamağa davam etməyin ən nəcib yoludur.”
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva orqan donorluğunun tibbi aspektlərindən, transplantasiya prosesinin mərhələlərindən və donor qərarının neçə insanın taleyini dəyişə biləcəyindən bəhs etdi. O vurğuladı ki, “Bir donorun verdiyi ümid bir neçə ailənin yenidən gülümsəməsinə səbəb ola bilər.”
Tədbirin interaktiv hissəsində tələbələr mövzu ilə bağlı suallar ünvanlandırdı, fikirlərini bölüşdü və səmimi müzakirələr aparıldı. Auditoriyada yaranan açıq dialoq bir daha göstərdi ki, maariflənmək bəzən həyat qurtarmağın ilk addımıdır.
Tədbirin sonunda iştirakçılara xatırladıldı ki, bəzi qərarlar sadəcə seçim deyil, kiminsə sabahı, kiminsə yenidən doğulan ümididir.